Главная » Мужская сторона жизни » Türkdilli dövlətlərin milli it cinslərinə dünyada maraq artmaqdadır

Türkdilli dövlətlərin milli it cinslərinə dünyada maraq artmaqdadır

Bu gün dünyada hər ölkənin özünəməxsus təbiəti olduğu kimi, özünəməxsus heyvan cinsləri də vardır ki, onların da bəziləri həmin ölkələrin milli sərvəti hesab edilir. Bu baxımdan türkdilli dövlətlərin milli at və it cinsləri son illərdə xüsusilə maraq kəsb etməkdədir.

Milli.Az bildirir ki, bunu «Qafqaz İt Cinsləri Həvəskarları» İctimai Birliyinin sədri İlham Qasımzadə deyib.

O bildirib ki, ulu babalarımızın minilliklərin seleksiyası nəticəsində təkmilləşdirib bu günə qədər gəlib çatdırdığı safqanlı çoban itimiz qurdbasarın genofondunu qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək çox önəmlidir: «Məsələn Türkiyədə qanqal, Türkmənistanda alabay, Qazaxıstanda tobet və tazı dövlət səviyyəsində qorunmaqla yanaşı dünyada təbliğ edilir. Məsələn qardaş Türkmənistanda bu iş daha da yüksək səviyyədə həyata keçirilir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən milli sərvət hesab edilən it cinsləri olan alabay barədə kitab nəşr edilmiş və paytaxtın mərkəzində bu sərvətə heykəl ucaldılmışdır. İctimai Birliyimiz tərəfindən uzun illər aparılan araşdırmalar göstərir ki, milli it cinsimiz olan Qurdbasarın daha dərin tarixi kökləri və güclü işçi keyfiyyətləri olsa da, ərazimizdə sayı getdikcə tükənməkdədir. MDB və digər ölkələrdən çoban itləri gətirən şəxslər bu itləri yürli itlərimizlə cütləşdirdikcə genofondun itməsi təhlükəsi artmaqdadır. Bu səbəbdən İctimai Birliyimiz tərəfindən tanınmış qurdbasar nəsilləri vahid damazlıq kitabında qeydiyyata alınmış və onların pasportlaşdırılmasına başlanılmışdır. Hazırda səcərəli damazlıq qurdbasarların sayı az olsa da tərəfimizdən seleksiyasına nəzarət edilir. İctimai Birliyimizin saytı, facebook, instagram səhifələri, yutub kanalında milli sərvətimiz olan qurdbasarlarımızla bağlı məlumatları xalqımıza və dünyaya çatdırmağı özümüzə borc bilirik».

Milli.Az

8 views